Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı
Beşbarmaq dağının hündürlüyü 382 metrdir. Zirvəsindəki qayalar insan əlinin beş barmağına oxşadığına görə, qədim zamanlardan bu dağı Beşbarmaq adlandırırlar. Əfsanəyə görə, “dirilik suyu” axtarışında olan Xıdır peyğəmbər bu dağın zirvəsindəki bulaqdan su içir və ölməzlik qazanır. Bu gün insanlar həmin sirli dağa gəlib dualar edirlər. Prezident İlham Əliyevin 8 iyun 2020-ci il tarixli sərəncamına əsasən “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradılıb. Qoruğun ərazisi Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisini əhatə edir. Azərbaycanın nadir təbiət abidələrindən olan Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarixi və mədəniyyət abidələri (son tunc - ilk dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, ilk orta əsrlərə aid qala və XV-XVII əsrlərə aid karvansara qalıqları) yerləşir. Dağın ərazisi dini-mənəvi destinasiya (ziyarət məkanı) olmaqla yanaşı, həm də unikal təbiət abidəsi və təbii irs nümunəsi kimi təkrarolunmaz təbii landşafta malikdir. Bundan əlavə, bu dağ Azərbaycanda ornitoloji turizm üçün ən gözəl yerlərdən biridir. Buradakı dağlar və dəniz arasındakı keçid, köç edən yüzlərlə quş növü üçün dəhliz rolunu oynayır.
