Bakıda yerləşən Azərbaycan Hərb Tarixi Muzeyi
Muzeyin girişində Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərə həsr olunan ekspozisiya təqdim olunur. Tarixi 1992-ci ildən başlayan muzey ölkənin hərb irsini sistemli şəkildə təqdim edən bənzərsiz bir məkandır. Muzeyin daxili ekspozisiyasında "Azərbaycan hərb sənəti qədim dövrdən - 1918-ci ilədək", "Azərbaycan Xalq Cümhuriyyəti", "Azərbaycan hərb sənəti 1920-39-cu illər", "İkinci Dünya müharibəsi", "Azərbaycan hərb sənəti 1946-91-ci illər", "Azərbaycan hərb sənəti müstəqillik dövründə", "Heydər Əliyev və ordu quruculuğu", "Azərbaycanın müasir Silahlı Qüvvələri" adlı zalları fəaliyyət göstərir. Muzeyin açıq səma altında yerləşən hissəsi isə hərbi texnika həvəskarları üçün unudulmaz bir ekskursiyadır. Burada real ölçüdə tanklar, piyada döyüş maşınları, artilleriya qurğuları və s. sərgilənir. Hərb Tarixi Muzeyinə giriş məktubladır. Muzeyi ziyarət etmək istəyənlər planlaşdırdıqları tarixdən 20-30 gün əvvəl müraciət məktubunu Müdafiə Nazirliyinə göndərməlidirlər. Məktubda ziyarət tarixi və məqsədi qeyd olunmalıdır. Müraciət təsdiqləndikdən sonra ziyarətçilər müvafiq məktubla muzeyə daxil ola bilərlər.
