Gilgilçay qəsəbəsində yerləşən XVIII əsrə aid Pir Xəlil türbəsi
Şabran rayonunun Gilgilçay qəsəbəsindəki təpəlikdə yerləşən Pir Xəlil türbəsi XVIII əsr Azərbaycan memarlığının maraqlı incilərindən biridir. Bu türbədə dəfn edilmiş Pir Xəlil babanın şəxsiyyəti haqqında ətraflı məlumat azdır. Yalnız ədəbi mənbələrdən belə məlum olur ki, Pir Xəlil baba XVIII əsrin məşhur sufi dərvişlərindən olub. Yerli camaat müxtəlif göz ağrıları səbəbindən bu piri ziyarətə gələr və pirin divarlarına əski parçaları bağlayardılar. Pir Xəlil baba “Bektaşiyyə” və ya onun qolu olan “Baba Sammit dərvişləri” cəmiyyətlərinin üzvü imiş. Sufi təşkilatı olan “Bektaşiyyə” cəmiyyətinin üzvləri geniş xalq kütlələri ilə sıx əlaqədə idilər. Şirvan torpağında fəaliyyət göstərən Pir Xəlil baba da bu cəmiyyətlərin ən tanınmış nümayəndələrindən biri idi. Pir Xəlil baba vəfat etdikdən sonra onun məzarı pirə çevrilmişdir.
